11 il öncə. 2001-ci il. Soyuq fevral ayı.
Bir neçə illik Vətən həsrətinə son qoyaraq Ümid
körpüsünü keçdim. Sənə salam verdim. Salamımı ötəri bir başışla və soyuq
şəkildə aldın. O zaman səni anlamadım. Amma yenə də peşman olmadım. Fikirləşdim
ki, uzun illər çəkdiyin əziyyət səni də yorub. Bəlkə də qaşqabağın soyuq hava
ilə əlaqədardır. Bu düşüncələrlə doğma ocağımıza – Ordubada getdim.
Ordubad da məni sənin kimi soyuq qarşıladı.
Evimdə, ailəmlə qalmağa qərar verərək Vətənə qayıtmışdım. Amma deyəsən yanılmışdım.
Özümü danlayırdım. Kaş qayıtmayaydım. Amma olacağa çarə yox idi. Artıq
evimdəydim. Bir neçə gün ailəmlə qalıb geri qayıtmağa qərar verdim. Qərarım
qəti idi. Ailəmin bir daha getməməyimlə bağlı təkidlərinə də tab gətirməliydim
bu neçə gündə. Amma mütləq qayıtmalıydım. Alışdığım rahat və məsuliyyətdən uzaq
həyat məni özünə çəkirdi. Bəlkə də gəlişim yersiz kimi görünürdü mənə. Özümü
çağrılmamış qonaq kimi hiss edirdim. Bu fikirlər məni hər şeydən soyudurdu.
Fikrimi dağıtmaq üçün ğəzməyə, bir
neçə gün Vətənimi dolaşmağa qərar verdim. Yenə sənə rast gəldim. Bu dəfə
yanından ötüb keçmək istədim. Salam verməməyə çalışdım. Amma hara baxdımsa səni
gördüm. Hara getdimsə səninlə rastlaşdım. Məni qəbul etmək istəmədiyini
düşündüyüm halda niyə əl çəkə bilmirdim səndən? Bu nə sirr idi? Mən bu sirri
illər sonra anlayacaqdım. Amma hələ ki sənin qəribəliyinə təəccüblənirdim.
Axırıncı dəfə səni gördüyümdən bu yana çox da dəyişməmişdin. Sənə çox da fikir
verməmək və tez bir zamanda diqqətimi səndən uzaqlaşdırmağı düşündüm. Gəzə-gəzə
gəlib bir küçəyə çıxdım. Diqqətimi bir binanın üzərinə vurulan lövhə cəlb etdi:
- “Naxçıvan Kompyuter Mərkəzi”. İxtisasıma uyğun bir iş yeri gördükdə məni hər
zaman maraq bürüyür. Birdə ki hələ bu yer Vətənimdə ola. İstər istəməz içəri
boylandım. Qarşıma ilk çıxan insandan bu yer barədə soruşdum. Öyrəndim ki, yeni
fəaliyyətə başlayıb. Hələ kadr ehtiyatı da tam formalaşmayıb. Xeyli
məlumatlandıqdan sonra qapıdan çıxdım və bir an öncə uzaqlaşmaq və səninlə
rastlaşmamaq üçün avtobus dayanacağına tərəf addımladım. Sanki kimsə məni geri
səsləyirdi. Geriyə boylandım, kimsə yox idi. Birdən gözlərim yenə də bayaqkı
lövhəyə sataşdı. Bu dəfə uzaqdan. Amma uzaqdan bu lövhə daha cəlbedici
görünürdü. Anladım. O lövhə məni geri səsləyirdi. Bu nə hiss idi? Düşüncələrə
daldım və fikrimi topladığımda yenə də həmin iş yerinin qapısında idim. Bayaq
rastlaşdığım adamla üz-üzə durmuşdum. Qeyri-ixtiyari ilk sualım bu oldu: -
Burda mənə görə bir iş var? Mənim ixtisasımla bağlı sual verdikdən sonra o adam
məni içəri dəvət etdi. Telefonla kiməsə zəng etdi. Bir iki kəlmə danışdıqdan
sonra – “direktor sizi gözləyir, zəhmət olmasa digər korpusda qəbul otağına
gedin” – deyə fikrimi dağıtdı. Gülümsədim. Sadəcə maraq üçün soruşduğumu dedim
və ayrılmaq istədim ordan. Lakin qalstuklu və ucaboy “müəllim”in təkidi ilə
müdirin qəbul otağına gəldim. Müdir məni səmimi və gülərüz qarşıladı. Biraz
barəmdə maraqlandıqdan sonra bu iş yerində mənə uyğun iş olduğunu bildirdi və
məni işlə təmin etmək istədiyini söylədi. Maraq xatirinə nə qədər əmək haqqı
alacağımı soruşdum. Eşitdiyim cavab məni gülümsəməyə vadar etdi: - 76000 manat.
(təxminən 15 dollar). Hörmətsizlik
olmasın deyə söhbəti qəfil kəsmədim. Amma fikrim biran əvvəl burdan uzaqlaşmaq
idi. Bugün mənimki gətirmirdi deyəsən. Bəlkə də bu tərsliyə səbəb sənin mənə
qaşqabağın idi. Ürəyimdə səni lənətləyərək direktorla söhbəti bitirməyə
çalışırdım. Deyəsən direktor da fikrimi
hiss etmişdi. Mənə əlavə işlər də verəcəyini, zamanla hər şeyin düzələciyini
izah etməyə çalışırdı. Söhbətə son qoymaq üçün – “gedim rayona, fikirləşib
deyərəm” – cavabıyla ayağa qalxdım. Direktorun son olaraq mənə deyəcəyi sözün
gələcəkdə həyatımı dəyişəcəyini ağlıma belə gətirməzdim: - “Bilirəm sən xarici
dövlətdə daha rahat yaşamısan. Amma bügün Vətənində sənin ixtisasına tələbat
var. Ya aza qane olub Vətəni seç, ya da daha çox çey əldə etmək üçün qürbəti.
Bunu unutma.”
Bu sözlərin təsiri altında qapıdan
çıxdım. Mat qalmışdım. Direktor hardan hiss etmişdi vətənpərvər olduğumu? Mən
ki bunu söhbətdə hiss etdirməmişdim. Amma idarəetmə qabiliyyətinə malik
rəhbərlərin həm də psixoloq olduğunu daha sonralar anlayacaqdım. Hələ ki gənc
idim. 23 yaşım var idi. Təbii ki bunu o an anlaya bilməzdim.
Avtobusdan enib evimizə doğru
addımladım. Ordubada qədər olan 1 saatlıq yolu düşüncələr içində başa
vurmuşdum. Evə ilk girdiyimdə olanları anama danışdım. Sanki onun ürəyindən
olmuşdu hər şey. Əlbəttə ki ana və vətən. Vətənə də boşuna Ana Vətən demirik
ki. Ana Vətənin, Vətən də ananın təəssübünü saxlayacaqdı.
Qapıdan içəri girəndə koridorda
direktorla rastlaşdım. İlk sözü belə oldu: - “Qayıdacağını bilirdim”. Direktor
işə başlamağım barədə əmri imzaladıqdan sonra, kirayə ev axtarmaq niyyətiylə
ordan ayrıldım. Qapıdan çıxanda sən yadıma düşdün. Səni gördüm. Əslində bütün
bu müddətlərdə sən məni izləyirdin. Lakin mən sənə baxmadan ötüb keçir, sənə
diqqətsizlik edirdim. Bu dəfə üzünə baxdım. Gülümsəyirdin. Aman Allah. Nə
olmuşdu sənə? Sən mənimlə barışmışdın? Mənim də sevincdən gözlərim yaşardı.
Deməli qaşqabağının səbəbi bu imiş? Deməli bütün bunları sən planlamışdın? Sən ki məni Vətənə bu niyyətlə gətirmişdin,
bəs niyə qaşqabaq edirdin? Bu suallar məni dəli edirdi. Sən isə cavab vermirdin.
Sadəcə ümidli baxışlarla mənə gülümsəyirdin.
Əmək kitabçamı vərəqləyirəm. İlk
səhifədəki əmr və qeydə baxıram: - “Naxçıvan Kompyuter Mərkəzinə dizayner
vəzifəsinə qəbul edilsin! 19 fevral 2001-ci il”.
O gündən 11 il ötür. Bu 11 ildə sən
həmişə mənimlə oldun. Mənə zamanın sınaqlarından keçməkdə kömək etdin. Biran
belə olsa yalnız buraxmadın. 11 il əvvəl sənin mənə qaşqabağının sadəcə səbrimi
və vətən sevgimi imtahana çəkdiyini anladım bu illərdə. Hətta daha çox şeylər
anladım. Sənsiz qala bilməyəcəyimi, sənə olan məhəbbətimi, taleyimizin bir
yazıldığını, Allahın qismətimə səni yazdığını, illər ərzində mənə firavan
həyat, xoşbəxt ailə verəcəyini və daha nələr anladım. Bir gün övladıma Sənin
haqqında sevə-secə danışacağımı, səni sevməyi ona da öyrədəcəyimi, sənin adının
olduğu hər yerdə qürürlanacağımı, sənə görə neçə insanlarla mübarizə
aparacağımı və məni yalnız əcəlin səndən ayıra biləcəyini ağlıma da gətirmirdim.
Sən mənim kimi onlarla insana
bunları etmisən. Təəssüf ki övladın da nadanı olur. Amma sən çox səbrlisən.
Bəlkə də mən səbrli olmağı səndən öyrənmişəm. Mən nankor olmamağı da səndən
öyrəndim bu illərdə. Çox şey öyrəndim səndən. 11 il əvvəl sənin xətrinə nəsə
etdiyimi düşünürdümsə, bugün bunları özüm üçün etdiyimi anlayıram. Sənə o qədər
xoş sözlər demək istəyirəm ki. Ancaq inan ki fikirlərimi ifadə etməkdə çətinlik
çəkirəm. Bu illərdə sən məni öz məktəbinə də qəbul etdin. Buna görə də sənə
minnətdaram. Sənin məktəbində kimlər oxumayıb ki?! O müdrik insanların oxuduğu
məktəbdə oxumaqdan qürürlu nə ola bilər ki?! Sən mənə çox şeylər etdin. Sənin
xasiyyətin də özün kimi qəribədir. Heç kimə heç nə vəd etmirsən. Zamanla,
səbrlə hər kəsə layiq olduğunu verirsən. Mən bugün xoşbəxtəm. Ona görə ki, səni
tanıyıram. Həm də çox yaxından.
Səni sevirəm. Sən mənim əbədi dostum,
sirdaşımsan. - mənim doğma Naxçıvanım!
Cox gozel!Cox beyendim!Xususi ile de Naxcivan haqqinda o qeder gozel ifadeler yazilibdi ki,Naxcivani daha da cox sevdim!
YanıtlaSil