20.10.2011

Gəzən reklam lövhələri

Bilik günü arxada qaldı. Lakin hər il sentyabr ayının 15-i məni düşündürən problem yenə də diqqətimdən yayınmadı. Döğrusu bir neçə ildir ki, bu mövzu ətrafında fikirlər məni narahat edir. Lakin hər dəfə düşünürəm ki yəqin ki, yaxın müddətdə bu məsələ həllini tapar. Amma bu məsələ sanki düyünə düşüb. Söhbət məktəbli çantalarından və məktəblərdə istifadə olunan dəftərlərdən, dəftər-kitab üzlərindən gedir.
Səhərlər məktəblərimizə gedən yolda və məktəb daxilində yaranan acınacaqlı mənzərəyə biganə qalmamalıyıq. Məktəblilərin istifadə etdiyi və “gəzən reklam lövhəsi” rolunu oynayan məktəbli çantaları. Həmin çantaların üzərində tanıdığımız və tanımadığımız əcnəbi serial, futbol və s. “qəhrəmanlar”ın, yaxud efirimizi zəbt etmiş bayağı müğənnilərin şəkillərinə nə qədər biganə qalacağıq?  Məgər bizim öz qəhrəmanlarımız və “reklama” ehtiyacı olan mövzularımız yoxdur?

“Aşka sürgün”, “Kurtlar vadisi”, “Aşk və ceza” tipli müxtəlif serial qəhrəmanlarının şəkilləri və həmin serialların reklamı daha nə qədər övladlarımızın daşıdığı “reklam lövhələri”ndə qalmalıdır? Hələ dəftərlər və dəftər-kitab üzlərini demirəm.
Övladlarımızın istifadə etdiyi bu dəftərxana ləvazimatlarında Azərbaycanımızın, Naxçıvanımızın görməli yerlərinin, Milli qəhrəmanlarımızın, işğalda olan torpaqlarımızın və s. bu kimi təbliğ etməyə ehtiyac duyduğumuz mövzularla bağlı şəkil və məlumatlar olsaydı daha məqsədəuyğun olmazdımı? Düzdür daxili bazarda bu qəbildən olan ləvazimatlara da rast gəldim. Amma bu çox azlıq təşkil edirdi. Məqsədim dəftərxana ləvazimatlarını muxtar respublikaya gətirən və satışını təşkil edən sahibkarların bostanına daş atmaq deyil. Ticarət öz yerində, lakin vətənpərvərlik də lazımdır axı. Həmin qəbildən olan sahibkarlar deyə bilərlər ki, bu ləvazimatlar muxtar respublikada istehsal olunmadığından belə acınacaqlı şərait yaranıb. Qəbul edirəm. Lakin bu tip malları xarici ölkələrdə və ya Azərbaycan ərazisində sifariş verərkən ən azından bunu nəzərə almaq olar axı.
İşin iqtisadi tərəfinə nəzər salaq. Muxtar respublikamızda hal hazırda 49000-dən artıq məktəbli var. Əgər orta hesabla hər məktəbli tədris ili ərzində 20-ə yaxın dəftərdən istifadə edirsə, bu orta hesabla 1 milyona yaxın dəftər deməkdir. Hələ mən idarə və müəssisələrimizdə istifadə olunan dəftərxana ləvazimatlarını nəzərə almıram. Əgər sahibkar istəsələr bu qədər dəftəri istənilən üslubda çap etdirə bilərlər. Nəinki bu qədər dəftər sifariş vermək, hətta muxtar respublikada istehsal müəssisəsi də yaratmaq mümkündür. Son illər muxtar respublikamızda bu sahəyə də kifayət qədər diqqət göstərilib.            Bəs nəticə?
Bugün daxili bazarda bir dəftərin qiyməti 20-60 qəpik arasında dəyişir. Orta hesabla bir dəftər üçün 40 qəpik ödədiyimizi əsas götürsək, il ərzində muxtar respublikada bu ləvazimatlara 400 min manata yaxın vəsait xərclənir. O ki qaldı, məktəbli çantalarına, qeyd etməliyəm ki, bu il  4232 şagird orta məktəbin 1-ci sinfinə qəbul olunub. Bundan əlavə məktəbəqədər tərbiyə müəssisələrində də uşaqlar çantadan istifadə edirlər. Deməli sahibkarlarımız bu il ən azı 5000 məktəbli çantasını milli üslubda sifariş verərək muxtar respublikaya gətirə bilərdilər. 5000 çanta isə orta hesabla 50-60 min manat vəsait deməkdir. Bəs xərclənən bu qədər vəsait qarşılığında nə əldə etmişik? Heçnə. Hətta itirmişik də.
Övladlarımıza vətənpərvərlik hissi aşılamaq hamımızın borcudur. Bu işi də dövlətin üzərinə ata bilmərik. Bəlkə “Vətən sərhəddən başlanır!” məsəlinə uyğun olaraq bu tip məhsulları elə sərhəddə saxlayaq? Məncə bu barədə düşünməyə dəyər...

Hiç yorum yok:

Yorum Gönder