23.02.2012

Səni sevirəm.

11 il öncə. 2001-ci il. Soyuq fevral ayı.
Bir neçə illik Vətən həsrətinə son qoyaraq Ümid körpüsünü keçdim. Sənə salam verdim. Salamımı ötəri bir başışla və soyuq şəkildə aldın. O zaman səni anlamadım. Amma yenə də peşman olmadım. Fikirləşdim ki, uzun illər çəkdiyin əziyyət səni də yorub. Bəlkə də qaşqabağın soyuq hava ilə əlaqədardır. Bu düşüncələrlə doğma ocağımıza – Ordubada getdim.
Ordubad da məni sənin kimi soyuq qarşıladı. Evimdə, ailəmlə qalmağa qərar verərək Vətənə qayıtmışdım. Amma deyəsən yanılmışdım. Özümü danlayırdım. Kaş qayıtmayaydım. Amma olacağa çarə yox idi. Artıq evimdəydim. Bir neçə gün ailəmlə qalıb geri qayıtmağa qərar verdim. Qərarım qəti idi. Ailəmin bir daha getməməyimlə bağlı təkidlərinə də tab gətirməliydim bu neçə gündə. Amma mütləq qayıtmalıydım. Alışdığım rahat və məsuliyyətdən uzaq həyat məni özünə çəkirdi. Bəlkə də gəlişim yersiz kimi görünürdü mənə. Özümü çağrılmamış qonaq kimi hiss edirdim. Bu fikirlər məni hər şeydən soyudurdu.
            Fikrimi dağıtmaq üçün ğəzməyə, bir neçə gün Vətənimi dolaşmağa qərar verdim. Yenə sənə rast gəldim. Bu dəfə yanından ötüb keçmək istədim. Salam verməməyə çalışdım. Amma hara baxdımsa səni gördüm. Hara getdimsə səninlə rastlaşdım. Məni qəbul etmək istəmədiyini düşündüyüm halda niyə əl çəkə bilmirdim səndən? Bu nə sirr idi? Mən bu sirri illər sonra anlayacaqdım. Amma hələ ki sənin qəribəliyinə təəccüblənirdim. Axırıncı dəfə səni gördüyümdən bu yana çox da dəyişməmişdin. Sənə çox da fikir verməmək və tez bir zamanda diqqətimi səndən uzaqlaşdırmağı düşündüm. Gəzə-gəzə gəlib bir küçəyə çıxdım. Diqqətimi bir binanın üzərinə vurulan lövhə cəlb etdi: - “Naxçıvan Kompyuter Mərkəzi”. İxtisasıma uyğun bir iş yeri gördükdə məni hər zaman maraq bürüyür. Birdə ki hələ bu yer Vətənimdə ola. İstər istəməz içəri boylandım. Qarşıma ilk çıxan insandan bu yer barədə soruşdum. Öyrəndim ki, yeni fəaliyyətə başlayıb. Hələ kadr ehtiyatı da tam formalaşmayıb. Xeyli məlumatlandıqdan sonra qapıdan çıxdım və bir an öncə uzaqlaşmaq və səninlə rastlaşmamaq üçün avtobus dayanacağına tərəf addımladım. Sanki kimsə məni geri səsləyirdi. Geriyə boylandım, kimsə yox idi. Birdən gözlərim yenə də bayaqkı lövhəyə sataşdı. Bu dəfə uzaqdan. Amma uzaqdan bu lövhə daha cəlbedici görünürdü. Anladım. O lövhə məni geri səsləyirdi. Bu nə hiss idi? Düşüncələrə daldım və fikrimi topladığımda yenə də həmin iş yerinin qapısında idim. Bayaq rastlaşdığım adamla üz-üzə durmuşdum. Qeyri-ixtiyari ilk sualım bu oldu: - Burda mənə görə bir iş var? Mənim ixtisasımla bağlı sual verdikdən sonra o adam məni içəri dəvət etdi. Telefonla kiməsə zəng etdi. Bir iki kəlmə danışdıqdan sonra – “direktor sizi gözləyir, zəhmət olmasa digər korpusda qəbul otağına gedin” – deyə fikrimi dağıtdı. Gülümsədim. Sadəcə maraq üçün soruşduğumu dedim və ayrılmaq istədim ordan. Lakin qalstuklu və ucaboy “müəllim”in təkidi ilə müdirin qəbul otağına gəldim. Müdir məni səmimi və gülərüz qarşıladı. Biraz barəmdə maraqlandıqdan sonra bu iş yerində mənə uyğun iş olduğunu bildirdi və məni işlə təmin etmək istədiyini söylədi. Maraq xatirinə nə qədər əmək haqqı alacağımı soruşdum. Eşitdiyim cavab məni gülümsəməyə vadar etdi: - 76000 manat. (təxminən 15 dollar).  Hörmətsizlik olmasın deyə söhbəti qəfil kəsmədim. Amma fikrim biran əvvəl burdan uzaqlaşmaq idi. Bugün mənimki gətirmirdi deyəsən. Bəlkə də bu tərsliyə səbəb sənin mənə qaşqabağın idi. Ürəyimdə səni lənətləyərək direktorla söhbəti bitirməyə çalışırdım.  Deyəsən direktor da fikrimi hiss etmişdi. Mənə əlavə işlər də verəcəyini, zamanla hər şeyin düzələciyini izah etməyə çalışırdı. Söhbətə son qoymaq üçün – “gedim rayona, fikirləşib deyərəm” – cavabıyla ayağa qalxdım. Direktorun son olaraq mənə deyəcəyi sözün gələcəkdə həyatımı dəyişəcəyini ağlıma belə gətirməzdim: - “Bilirəm sən xarici dövlətdə daha rahat yaşamısan. Amma bügün Vətənində sənin ixtisasına tələbat var. Ya aza qane olub Vətəni seç, ya da daha çox çey əldə etmək üçün qürbəti. Bunu unutma.”
            Bu sözlərin təsiri altında qapıdan çıxdım. Mat qalmışdım. Direktor hardan hiss etmişdi vətənpərvər olduğumu? Mən ki bunu söhbətdə hiss etdirməmişdim. Amma idarəetmə qabiliyyətinə malik rəhbərlərin həm də psixoloq olduğunu daha sonralar anlayacaqdım. Hələ ki gənc idim. 23 yaşım var idi. Təbii ki bunu o an anlaya bilməzdim.
            Avtobusdan enib evimizə doğru addımladım. Ordubada qədər olan 1 saatlıq yolu düşüncələr içində başa vurmuşdum. Evə ilk girdiyimdə olanları anama danışdım. Sanki onun ürəyindən olmuşdu hər şey. Əlbəttə ki ana və vətən. Vətənə də boşuna Ana Vətən demirik ki. Ana Vətənin, Vətən də ananın təəssübünü saxlayacaqdı.
            Qapıdan içəri girəndə koridorda direktorla rastlaşdım. İlk sözü belə oldu: - “Qayıdacağını bilirdim”. Direktor işə başlamağım barədə əmri imzaladıqdan sonra, kirayə ev axtarmaq niyyətiylə ordan ayrıldım. Qapıdan çıxanda sən yadıma düşdün. Səni gördüm. Əslində bütün bu müddətlərdə sən məni izləyirdin. Lakin mən sənə baxmadan ötüb keçir, sənə diqqətsizlik edirdim. Bu dəfə üzünə baxdım. Gülümsəyirdin. Aman Allah. Nə olmuşdu sənə? Sən mənimlə barışmışdın? Mənim də sevincdən gözlərim yaşardı. Deməli qaşqabağının səbəbi bu imiş? Deməli bütün bunları sən planlamışdın?  Sən ki məni Vətənə bu niyyətlə gətirmişdin, bəs niyə qaşqabaq edirdin? Bu suallar məni dəli edirdi. Sən isə cavab vermirdin. Sadəcə ümidli baxışlarla mənə gülümsəyirdin.
            Əmək kitabçamı vərəqləyirəm. İlk səhifədəki əmr və qeydə baxıram: - “Naxçıvan Kompyuter Mərkəzinə dizayner vəzifəsinə qəbul edilsin! 19 fevral 2001-ci il”.
            O gündən 11 il ötür. Bu 11 ildə sən həmişə mənimlə oldun. Mənə zamanın sınaqlarından keçməkdə kömək etdin. Biran belə olsa yalnız buraxmadın. 11 il əvvəl sənin mənə qaşqabağının sadəcə səbrimi və vətən sevgimi imtahana çəkdiyini anladım bu illərdə. Hətta daha çox şeylər anladım. Sənsiz qala bilməyəcəyimi, sənə olan məhəbbətimi, taleyimizin bir yazıldığını, Allahın qismətimə səni yazdığını, illər ərzində mənə firavan həyat, xoşbəxt ailə verəcəyini və daha nələr anladım. Bir gün övladıma Sənin haqqında sevə-secə danışacağımı, səni sevməyi ona da öyrədəcəyimi, sənin adının olduğu hər yerdə qürürlanacağımı, sənə görə neçə insanlarla mübarizə aparacağımı və məni yalnız əcəlin səndən ayıra biləcəyini ağlıma da gətirmirdim.
            Sən mənim kimi onlarla insana bunları etmisən. Təəssüf ki övladın da nadanı olur. Amma sən çox səbrlisən. Bəlkə də mən səbrli olmağı səndən öyrənmişəm. Mən nankor olmamağı da səndən öyrəndim bu illərdə. Çox şey öyrəndim səndən. 11 il əvvəl sənin xətrinə nəsə etdiyimi düşünürdümsə, bugün bunları özüm üçün etdiyimi anlayıram. Sənə o qədər xoş sözlər demək istəyirəm ki. Ancaq inan ki fikirlərimi ifadə etməkdə çətinlik çəkirəm. Bu illərdə sən məni öz məktəbinə də qəbul etdin. Buna görə də sənə minnətdaram. Sənin məktəbində kimlər oxumayıb ki?! O müdrik insanların oxuduğu məktəbdə oxumaqdan qürürlu nə ola bilər ki?! Sən mənə çox şeylər etdin. Sənin xasiyyətin də özün kimi qəribədir. Heç kimə heç nə vəd etmirsən. Zamanla, səbrlə hər kəsə layiq olduğunu verirsən. Mən bugün xoşbəxtəm. Ona görə ki, səni tanıyıram. Həm də çox yaxından.
Səni sevirəm. Sən mənim əbədi dostum, sirdaşımsan.  - mənim doğma Naxçıvanım!

1 yorum:

  1. Cox gozel!Cox beyendim!Xususi ile de Naxcivan haqqinda o qeder gozel ifadeler yazilibdi ki,Naxcivani daha da cox sevdim!

    YanıtlaSil