22.06.2013

Onun bir arzusu var: elektrikli əlil arabası

  Çalışdığım müəssisənin “Facebook” səhifəsinə daxil olan bir elektron məktubla tanıdım onu. Məktubuna rəsmiyyət xətrinə cavab versəm də, fikrimi ondan ayıra bilməmişdim. O, məktubunda müəyyən məbləğdə maddi yardım üçün müraciət etmişdi. Belə müraciətlərlə, demək olar ki, hər birimiz hər gün rastlaşırıq. Metroda, yol kənarında, hətta tıxacda belə. Lakin bu müraciət daha təsiredici olmuşdu mənim üçün. Kim idi o?

  Məktubuma cavab verərkən telefon nömrəsini də yazmışdı. Dərhal əlaqə saxladım və tez bir zamanda onunla görüşmək istədiyimi bildirdim. Artıq 3 gün sonra bazar günü olmasından istifadə edib, Hüseynə qonaq olmaq üçün yola çıxdım. Hüseyngilin evini Yeni Suraxanıda tapmaq o qədər də asan olmadı. Çətinliklə də olsa, evi tapdım. Qapıda bizi Hüseynin anası qarşıladı. Dar həyətə daxil olarkən qəhrəmanımızın bizi qarşılamaq üçün balkonda oturduğunu gördüm. Təsəvvür etdiyimdən də xoş əhval ruhiyəli biri idi Hüseyn.  Dərhal həmsöhbət olduq. Həyatından, olub-keçənlərdən danışdı. 

  Qismətindən gileyləndi. Lakin buna baxmayaraq hər zaman yalnız Uca Tanrıya pənah apardığını və ondan kömək gözlədiyini dedi. Anasının ağır xəstəliyindən də danışdı Hüseyn. Özündən çox anası üçün narahat olduğu gözlərindən hiss olunurdu. Anasının ona lazımı qulluğu göstərməkdə çətinlik çəkməsi səbəbindən tənha hiss edirdi özünü. Elə müvafiq qurumlar da bu fikirdə idilər deyəsən. Söhbət əsasında yaxın zamanlarda əlillər evinə köçəcəyini bildirdi. Tənhalıq haqqında ona akt da verilmişdi. Doğma anasından ayrılmaq nə qədər çətin olsa da, buna məcbur idi Hüseyn. Xəstəlikdən əziyyət çəkən bir qadının Hüseynə lazımı qulluğu göstərməsi çox çətin idi. Həyatının ötən günlərindən danışdıqca gözləri parlayırdı Hüseynin.

Hüseyn Qasımov. 24 yaşı var. Uşaqlıqdan idmanla məşğul olub. 7 il əvvəl  məşqə getmək üçün evdən ayrılır. Keçirdiyi avtomobil qəzası nəticəsində təkərli stula məhkum olur. 17 yaşından bu günə kimi 2 ayağını hiss etmir. Hələ sağlam vaxtlarında boksla məşğul olan Hüseyn qəza keçirdikdən sonra da ümidlərini itirmir və idmanın onun üçün daha uyğun olan növü ilə - məhdud fiziki imkanlı şəxslər arasında qılıncoynatma ilə məşğul olmağa başlayır. Respublika səviyyəli yarışlarda da iştirak edir. Lakin bir çoxları kimi ona da ayrılan diqqət yarışlar bitdikdən sonra kəsilir. Sanki yarışdan-yarışa yada düşür Hüseyn – öz dili ilə desək. Tamamilə sağalıb ayağa qalxması bəlkə də mümkün deyil, lakin davamlı müalicə alması onu oturaq həyat tərzinin yaradacağı gələcək fəsadlarından qoruya bilər. 

  Hüseyn dünya ilə əlaqəsini internet üzərindən qurur. Müəllimindən razılıq etdi.  Ara-sıra məşqlərə aparır onu idman müəllimi. Başqa vaxtlarda isə əsasən evdə oturur. Yaşadığı məhəllədə küçənin yaxşı vəziyyətdə olmaması Hüseynə əlil arabasında məhəlləyə çıxmağa imkan vermir. Kələ-kötür yollarda mexaniki əlil arabasını əl ilə idarə etməyin çətinliyini hər kəs təsəvvür edə bilər yəqin ki.  Müvafiq qurumlardan da gileyləndi Hüseyn. Eyni məzmunlu məktubla onlarla quruma müraciət ünvanladığını, lakin heç bir yerdən cavab almadığını bildirdi. Halbuki heç kim belə qəzalardan və alın yazısından sığortalanmayıb. İnsanların taleyi ilə maraqlanmaq müvafiq qurumların vəzifə, bizim isə insanlıq borcumuzdur. 

   Arzularından ən böyüyü elektrikli əlil arabasının olmasıdır. Hətta bəyəndiyi arabanı  da internetdən tapıb. Qalır bircə almaq.  Amma təbii ki, o bunu özü edə bilməyəcəkdi.  Çünki onun və anasının buna maddi imkanı yoxdur.  Ümid qalır xeyirxah insanlara. Allah hər kəsə ÜMİD YERİ olmağı nəsib etsin!

   Onunla bundan sonra tez-tez görüşəcəyimizə söz verərək,  ayrılıram ordan.  Ayrılarkən arxamca dediyi söz yol boyu məni rahat buraxmadı: - Müəllim, mən məktubumda ona görə müəyyən məbləğdə maddi yardım istəmişdim ki, insanların buna reaksiyasını öyrənim.  

Hüseynə yardım göstərmək istəyənlər üçün əlaqə: Yeni Suraxanı, 14 iyul küçəsi, döngə 5, 055- 650-11-10
 

Hiç yorum yok:

Yorum Gönder