Gözümüz aydın olsun!
"Qonşudan
qalma dala" - prinsipinə əsaslanan türklər Türkiyədə də nəhayət ki
"Xalq cəbhəsi" yaratdılar. Qısa desək - "TXC". Yəni Türkiyə Xalq
Cəbhəsi. (Türkçə THC). Deyilənlərə görə yaxınlarda təcrübə mübadiləsi
aparmaq üçün TXC bizim AXC-yə qonaq olacaq. Lakin türklər bu məqamda
biraz çaş-baş qalıblar. Bilmirlər ki, hansı AXC-yə qonaq olsunlar? Axı
bilirsiniz ki, Maşallah bizdə AXC-lər çoxdur. O qədər qol-qanad açıblar
ki, lap tut ağacı kimi. "Budaq"lar qarışıq düşməsin deyə hər budağın
adının əvvəlinə, ortasına, axırına bir hərfdən zaddan da artırıblar.
Lakin bu bizim ölkənin "daxili işidir". Kim qarışa bilər?
Xülasə,
indi bizimkilər də düşüb əl-ayağa. Dalbadal müraciətlər ünvanlayırlar
TXC-yə ki, bəs əsl AXC bizik. Türk qardaşlarımız da deyir ki, ay
qardaşlar, axı siz niyə bu qədər qol-budaq olub parçalanıbsız? Niyə
vaxtında sizin budaqlarınızı arıtlamayıblar, aqrotexniki qaydada qulluq
etməyiblər sizə? Belə məqamda TXC-yə
deyən lazım ki: - Ay TXC, düz buyurursunuz. Bizim bu tut ağacının
bağbanı rəhmətə gedəndən sonra ( Allah rəhmət eləsin! ) bu ağaca baxan
olmadı və belə yararsız hala düşdü. Hətta budaqlardan bəzilərini qoparıb
başqa yerdə də əkdilər. Tutanı da oldu, tutmayanı da. Hətta bu
budaqlardan xaricə də apardılar ki, orda calaq eləsinlər öz ağaclarına.
Əlqərəz, bu ağacdan day ağac çıxmaz. Ona görə də bu ağacı artıq gözdən
çıxarmışıq. Kəsmək lazımdır!
Kəsmək demişkən, yadıma "Gezi
parkı" düşdü. Qorxuram bu "kəsmək" məsələsini eşidən türklər, Bakıya
gəlməkdən və AXC ilə tanış olmaqdan vaz keçələr. Axı orda TXC elə ağac
kəsməyə görə yaranıb. Yəni ki onların yaranma zərurəti "ağac" olub. Bu
ağac məsələsi çox müşkülə düşdü. Məncə Ərdoğan cənablarına xəbər
yollamaq lazımdır ki, qardaş bir ağaca görə xalqı incitmə. Qurbandır
sənə min ağac. Gəl Bakıya, başla bizim bu "tut ağacı"ndan. Kəs istədiyin
qədər. Lap istəsən başqa belə "ağac"larımız da var. Qardaş, gəl başını
qat da burda. Niyə Taksimi dağıdırsan axı?

Hiç yorum yok:
Yorum Gönder