9.02.2013

Qardaş yoxsa müəllim?

Yazını hardan və necə başlamaq qədər çətin şey yoxdur mənim düşüncəmə görə. Yəqin ki, qələm əhlindən mənim kimi düşünənlər də az deyil. Yazı yazmaq haqda düşünəndə nədənsə bəzi yoldaşlar fikirləşir ki, ya gərək kimisə tənqid edəsən, ya da gərək kimisə tərifləyəsən. Ən uzağı da tarixdən, elmdən ya da xəbər yazasan. Amma mən belə yaza bilmirəm. Nə bilim? Bəlkə də səhv edirəm?  Hər kəsin bir üslubu var. Mən tənqidin də yerində, ölçüsündə və zamanında olmasına diqqət etməyi sevirəm. Ən əsası isə özünütənqidi daha çox sevirəm. Xülasə, keçim mətləbə. Məni narahat edən insanların bir-birlərinə qarşı müraciət forması və o formada müraciət etməyə əsas verən amillərin seçimidir. Deyəsən cümləm biraz qəliz oldu. Lap sadə dillə izah edim. Əvvəlcə başıma gələn bir hadisəni danışım.
Keçənlərdə bəzi yoxlamalardan keçmək üçün xəstəxanaların birinə getmişdim. İş vaxtından kənar olduğundan sadə geyimdə idim. Həkimin qəbul otağına girəndə içəridə heç kimin olmadığını görüb sevindim ki, növbə gözləməyə gərək olmayacaq. “Sən saydığını say, gör fələk nə sayır” deyib atalar. Elə bu dəmdə kostyumlu, qalstuklu və  üzü də səliqə ilə təmizlənmiş biri arxamca otağa daxil oldu.  Az əvvəl məni həkimin otağına aparmaq istəyən gənc tibb bacısı mənə tərəf dönərək:  “Qaqaş, sən gözlə biraz, müəllim girsin, sonra səni də yola salacam”.  Daha sonra isə həkimin otağına boylanıb: - “Doxtur hələ bundan sonra 1 dənəxəstəniz var” – deməsiylə elə bil başıma qaynar su tökdülər.  Tibb bacısının “müəllim” deyə xitab etiyi Naxçıvanda fəaliyyət göstərən taksi sürücülərindən biri idi. Məni narahat edən növbəmin kiməsə verilməyi və ya taksi sürücüsünün geyim formasını belə tanımayan tibb bacısının dünyagörüş səviyyəsinin zəif olması deyildi. Nə də ki, özümü taksi sürücüsündən səviyyəcə artıq hesab etmirdim. İnsanları əşya kimi ədədlə sayan tibb bacısı yoxlanışdan keçmədən mənim xəstə olduğumu necə müəyyənləşdirdi görəsən? Nəyə görə bir çoxumuz geyim tərzinə görə insana necə müraciət etməli olduğumuza qərar veririk? Axı mənim kostyum və ya sərbəst geyimdə olmağım heç də sosial statusumu, vəzifəmi, təhsil və elmi dərəcəmi müəyyənləşdirməyə əsas vermir. Həqiqətən də müəllim fəaliyyətimin olduğu halda, sadəcə geyimimə görə “qaqaş” durumuna düşməyim yəqin ki hamınızı narahat edərdi. Nəyə görə fikirləşirik ki, kostyum geyinənlərə mütləq müəllim deyilməlidir, digərlərinə isə necə gəldi müraciət etmək olar? Söhbət ümumiyyətlə müraciət formalarından gedir. Dövrümüzdə ən çox istifadə edilən müraciət formalarına nəzər salaq. Qardaş, qaqaş, dayı, əmi, müəllim, qohum, qağa, xala, bacı, nənə, xanım, müəllimə (hərçənd ki, bəzən qadına da müəllim deyilir) və s.  İstisna hallarda bəy, cənab sözlərindən də istifadə edilir.  Lakin bu sözlərlə müraciət hallarına o qədər də çox rast gəlmirik. Müraciət formalarının haralarda və hansı əsaslarla istifadəsinə də diqqət yetirməyinizi istəyirəm. Post Patrul Xidməti əməkdaşının sürücüyə yaxınlaşaraq: - Qardaş, burda maşın saxlama – deməsinin azmı şahidi oluruq? Qardaşlaşmaq, digərini qardaşı saymaq yaxşı haldır. Lakin hadisə yerində bir dəqiqə də qalmaq kifayət edəcək ki, bayaqkı “qardaş”ların mübahisəsinə şahid olasan.  Yəni qardaşlıq bu qədərmi ucuzlaşıb? Hələ bəzi hallarda səndən yaşça kiçik bir insanın sənə “qaqaş” deməsinin də şahidi oluruq. Yaşça böyük olan digərinə “qaqaş” deyə müraciət etsəydi yenə də bunu əzizləmə mənasında etdiyini düşünmək olardı. Axı böyük olan kiçiyin ən yaxşı halda “qardaşı” ola bilər. Hər birimizin ara-sıra üz tutduğumuz iaşə obyektlərinə də nəzər salaq. Restoranlarda sizi qarşılayan ofisantlar sizə geyim tərzinizdən asılı olaraq ya müəllim, ya da qardaş deyə xitab edəcəklər ən yaxşı halda. Hətta bəzən onlara müəyyən bir məsələdə irad bildirdikdə qonaqlarınızın yanında yaxınlaşıb: - Sən nə istəmisən onu da gətirmişəm – deməsinin də az şahidi olmuruq. Doğrudanmı  “siz”lə “sən”in fərqinə hələ də varmamışıq? Bəzən birinə guya ki, hörmət etdiyini zənn edərək - Müəllim necəsən? – deyə müraciət edənlər də az deyil. Axı hörmət əlaməti olaraq “müəllim” deməklə “necəsən” sözü heç də bir birinə uyğunlaşmır. Nədən irəli gəlir bu çatışmazlıqlar? Dilimizi, danışıq qaydalarını düzgün öyrənə bilməməyimizdənmi, yoxsa düzgün tərbiyə olunmamağımızdanmı? Bizə məktəblərdə, bir çox hallarda ailələrimizdə də böyüklərə, qonaqlara və tanımadığınız şəxslərə SİZ deyə müraciət etməli olduğumuz dəfələrlə deyilib axı. Lakin təəssüflə qeyd etməliyəm ki, bugün bir çox ticarət, ictimai-iaşə obyektlərində xidmət edənlər müştərilərinə SİZ deyə müraciət etməli olduqlarını dərk etməkdə acizdirlər. Yenə bir haşiyə çıxmağa məcburam. Şəhərimizdə yerləşən ticarət mərkəzlərinin birində elektron avadanlıqlar satılan mağazada tanıdığım və bu sahədə mütəxəssis olan bir şəxsin vitrində qoyulmuş cihazın özəlliklərini tam oxumaq üçün onu biraz kənara çəkdiyində, satıcı qadının ona tərəf yüksək səslə: -  Sən onu alansan, qurdalayırsan? – deməsiylə yaranan mübahisənin şahidi olduqda, məsələyə müdaxilə etməkdən və mağaza sahibini hadisə yerinə çağırmaqdan başqa çarəm qalmadı. Sahibkarlar özləri də bu məsələdə maraqlı olmalıdırlar. Axı onun mağazasında yaranmış bu söz-söhbət onun daha neçə-neçə müştərisini itirməsilə nəticələnir. Sahibkarlar işçilərinə xidmət mədəniyyəti öyrətmək, vaxtaşırı kurslara cəlb etmək və müntəzəm söhbətlər aparmaq yerinə bəzən yaranan mübahisələrdə özləri də işçilərindən geri qalmırlar. Belə hallarla demək olar ki hər birimiz və hər gün qarşılaşırıq. Bəs niyə buna etiraz edib bu kimi hallarla mübarizə aparmırıq? Özümüzü tərbiyə etmək o qədərmi çətindir bizə? Məmur-vətəndaş, sahibkar-müştəri, polis-vətəndaş münasibətlərində ara-sıra yaşanan gərginliklərin səbəbi kimi əsasən müraciət və davranış normalarına əməl edilməməsinin dayandığını əminliklə deyə bilərəm. Axı belə halla rastlaşdıqdan sonra evimizə qayıtdıqda ilk addım kimi övladımıza, yaxınlarımıza bir daha bunları xatırlatmaqla elə özümüzdən başlaya bilərik mübarizəyə. Hər birimizin özümüzə qarşı müraciətdə ən yüksək formanı umduğumuz halda, başqalarına da bunu şamil etməməliyikmi? Hansısa sahədə çalışan məmurun ona müraciət edən şəxsə SƏN deyə müraciət etməsi görəsən hansı nizamnamədə yazılıb? Rəsmi şəxslərin, polisin, ünsiyyətdə olduqları şəxslərə VƏTƏNDAŞ  deməsi, xidmət sektorunda çalışanların müştərilərə SİZ deməsi o  qədərmi çətindir?  Hörmətli bir şəxsə müraciət zamanı az qala bütün yüksək müraciət formalarını bir araya gətirərək xitab etməyi bacarırıqsa, sadə insanlara və ya tanımadığımız, titulunu, xidmətlərini, vəzifəsini bilmədiyimiz şəxslərə də düzgün müraciət etmək formasını bilməliyik axı. Mən insanlara necə müraciət etmək lazım olduğu haqda mülahizələr yürütmək və nəsə öyrətmək niyyətində deyiləm. Lakin hər kəsin bunları düşünməli olduğunun vacibliyini də dərk edirəm.
“Vətəndaş cəmiyyəti”ndə təhsil səviyyəsi, xidmət mədəniyyəti, hüquqi maariflənmə, insani dəyərlər, müraciət və davranış mədəniyyətinə sahib olmaqla yanaşı həm də VƏTƏNDAŞ olmağı bacarmalıyıq.
Anar Rəsulov
Azərbaycan Jurnalistlər Birliyin üzvü

Hiç yorum yok:

Yorum Gönder