11.12.2012

Adsız roman. (7-ci parça)

Yol boyu Ruslan Camalı dilə tutaraq narahat olmağa heç bir əsas olmadığını izah etməyə çalışırdı. Camal onun söhbətini diqqətlə dinləyirdi. Onlar birlikdə yaxınlıqdakı meyvə-tərəvəz bazarına gəldilər. Ruslan göyərti satan bir kişinin yanına yaxınlaşıb, salam verdi. Ayağa qalxan kişi Ruslanla salamlaşdıqdan sonra Camal göstərərək: - Bu da yenidir? - deyə sual verdi. Ruslan təsdiq işarəsi olaraq başını yırğaladı. Daha sonra o kişi əlini piştaxtanın altına salıb oradan bağlı bir paket çıxardı.
Paketi Ruslana uzadıb dedi: -" Qaraya salam de. Gələn dəfə biraz artıq gətirərsən."  Ruslanla Camal bazardan çıxdılar. Onlar yenidən köhnə qatarlara doğru addımlayırdılar. "Ofis-vaqon"a çatdıqda Camal bayırda gözlədi. Ruslan içəri daxil olub 5 dəqiqə sonra geri döndü və Camala səsləndi: - "Hə indi gedib dincələ bilərik biraz. Hələlik işimiz bitdi.". Ruslan biraz irəlidə dayanmış başqa vaqona tərəf yönəldi. Onlar vaqona daxil olduqda heç kim yox idi içəridə. Boş kupelərin birinə daxil oldular. Ruslan cibindən kiçik bir bükülü çıxardı. Camal onu diqqətlə süzürdü. Ruslan kağıza bükülmüş otu Camala göstərərək: "Marixuana"dır, indi sən də zövq alarsan - deyərək gülümsədi. Camal etiraz etdi. Ruslan əlindəki "ot"u döş cibindən çıxardığı "Kazbek"ə dolduraraq, kibritlə yandırdı. Bir-iki dəfə papirosu sinəsinə çəkəndən sonra Camala uzatdı. Camalı maraq hissi bürüdüyündən qeyri-ixtiyari olaraq papirosu aldı. Sinəsinə çəkdiyi ilk tüstü hələ ciyərlərinə çatmamış, öskürməyə başladı. O sanki boğulacaqdı. Rəngi qıp-qırmızı olmuşdu. Ruslan isə ucadan qəhqəhə çəkərək Camala baxırdı. Camal özünə gəldikdə çox pərt olmuşdu. İndiyədək siqaret də çəkməmişdi. İndi isə birdən birə bu zəhrimardan dadmışdı. Papirosu çəkə bilməməsindən sanki utanmışdı. Amma daha bilmirdi ki, həyatda hələ nə qədər utanılacaq hərəkətlər edəcəkdi. Heç bir dəqiqə keçməmişdi ki, Camalın sanki dünya başına fırlandı. Əvvəllər məhəllə uşaqlarından eşitmişdi "ot"un təsirini. Amma ağlına da gətirməmişdi ki, bir gün o da bu zəhrimardan dadacaq. Həm də könüllü olaraq. Taleyin yazdıqlarını hesaba almamışdı Camal. Ruslan onun qolundan tutaraq aşağı oturtdu. Camalın halı pisləşmişdi. Ruslanın növbəti dəfə ona uzatdığı papirosu necə alıb sinəsinə çəkdiyini bəlkə də heç anlamadan edirdi. Birazdan gənclərin gülüş səsi vaqonu başına götürmüşdü. Onlar havadan-sudan, uyğun olan, olmayan şeylərdən söhbət edir və ucadan gülürdülər. Beləcə 3 saat geridə qaldı. Camal özünə gəldikdə üst-başını bulaşmış gördü. Paltarlarına baxdıqda ləkələnmiş köynəyindən "qaytardığını" anladı. Ruslan isə digər tərəfdə yatırdı. Camalın başı möhkəm ağrıyırdı. Sanki başı partlamaq üzrə idi. Su içmək istəyirdi. Kupedən bayıra çıxdı. Vaqonun tualetinə girib, su kranını əliylə sıxdı. İllərdir işləməyən və təmirsiz vaqonda suyun olması ehtimalı yox idi. Amma yenə də yoxladı. Vaqonda su yox idi. Geri qayıdıb Ruslanı oyatdı. Su içmək istədiyini dedi. Ruslan da özünü toplayıb ayağa qalxdı. Onlar yaxınlıqdan su almaq üçün vaqonu tərk etdilər. Vağzalın platformalarına yaxın olan köşkdən su aldı Ruslan. Onlar hər biri 2 stəkan su içərək oradan uzaqlaşdılar. 

   Əli kişi Camalı bütün günü gözləmişdi. Qəfildən onu qarşısında görəndə sevincdən gözləri parladı. Camal səssizcə Əli kişinin yanında oturdu. Əli kişi onu diqqətlə süzərək: - Bala sənə nə olub? Haralardaydın? Neçə saatdır sənin yolunu gözləyirəm.
 - Mən bacarmadım Əli əmi. Mən sən deyən kimi ola bilmədim. Mən. Mən... Mən bilmirəm nə edim. - Camal hönkürərək ağlamağa başladı. Əli kişinin təəccübdən ağzı açıq qalmışdı sanki.
 - Bala bir danış görüm nə olub, kim səni belə hala salıb? Harda idin? 
 - Əli əmi, məni Allah da istəmir. Əgər istəsəydi məni qoruyardı. Qoymazdı ki, buralara düşüm. Qoymazdı ki, yaramaz adamlara qoşulum və hətta hər addımda onlara rast gəlim. 
  - O nə sözdür, bala. Elə demə, günahdır. Sən hələ uşaqsan. Sənin də taleyin belə yazılıb yəqin. Amma hələ nə yaşın var ki.? Daha nə gözəl günlər görəcəksən. Amma məni bir başa sal görüm axı nə olub? 
Camal bütün olanları Əli kişiyə danışdı. Danıdıqca da ağlayırdı öz halına. Əli kişi əsəbdən dil-dodağını gəmirirdi. O siqareti ard-arda yandırırdı.  Bu arada Məmməd də gəlib çıxmışdı. O da Camalın olub-keçənləri danışmasına qulaq asırdı. Əli kişi çox qəzəblənmişdi. Buraya gəldiyindən bəri Əli kişini ilk dəfə idi ki, belə görürdü Məmməd. O, Əlini sakitləşdirməyə çalışsada nəticəsi olmurdu. Camal isə başını aşağı salıb oturmuşdu. Əli kişinin üzünə baxa bilmirdi. Sanki Əli kişiyə xəyanət etmişdi. Yaşı az da olsa, Camal belə düşüncədə olan uşaq idi. Heç vaxt ona inanaların inamını itirməyi sevməzdi. Amma olan olmuşdu. İndi geriyə yolun olub-olmadığını düşünürdü Camal. 
 - Yox, belə olmaz. O "Qara"nı mən dayandıracağam. Lazım gəlsə... Lazım gəlsə onu öldürəcəyəm.
 - Sən nə danışırsan, ay Əli. Dəli olmusan. Sənin hələ düşməndən alınası qisasın var. Bu əclafın murdar qanına bulayacaqsan əlini? Bəs sonra? Olan-qalan ömrünü də "srok"da keçirmək fikrin var? Bəs oğlun? Bəs həyat yoldaşının qisası? Belələrinə görə dəyməz. Bir çarə tapmaq lazımdır. Amma nə?!
 - Əli əmi, mən deyəsən taleyimlə barışmalıyam. Axı sən dedin ki, bu da mənim alın yazım, qismətimdir. Deməli bundan qaçmaq olmaz. Birdə mənim başqa çarəm qalmayıb. Sənə də yük ola bilmərəm. Evə qayıtmağı da düşünmürəm. Deməli burda yaşamalıyam. "Qara" məni polisə təhvil verəcəyini dedi. Axı sən də dünən deyirdin ki, bunun hər yerdə adamı var. Başqa nə edə bilərəm.?
Bu sözlərdən sonra Camal yenə də başını aşağı saldı. Əli kişi Camaldan eşitdiklərinin təsirindən çıxa bilmirdi. Məmməd isə yenə bir tərəfə çəkilib, öz "işi" ilə məşğul idi. Axşam düşürdü. Camal isə səhərdən ac idi. Bu Əli kişinin birdən ağlına gəldi. Cəld özünü toplayıb köşkə girdi və oradan əlində bir paça çörək və bir stəkan çayla geri qayıtdı. Əlindəkiləri Camala uzadıb: - Bala, sən də səhərdən acsan. Olanım budur. Bugün əlimə bir şey keçməyib. Heç olmasa yavanlıq elə. - deyə dilləndi. Camal Əli kişinin uzatdığı quru çörəyi və stəkanı alaraq iştahla yeməyə başladı. Əli kişi onu süzərək, xısın-xısın ağlayırdı içində. Camala bəlli etməməyə çalışırdı əzab çəkdiyini. Camal yeməyini bitirdi nəhayət. Elə bu vaxt aralıdan "Qara" göründü. Onu görən Əli kişi oturduğu taxtanın altında gizlətdiyi baltanı çıxarıb "Qara"nın üstünə tərəf yeriməyə başladı. Bir anda baş verənləri anlamayan Camal çaşqınlıqla Əli kişiyə baxırdı. Özünü itirən "Qara" Əli kişinin əlindəki baltanı gördükdə belindən çıxardığı tapançanı ona tərəf tüşladı. 

Hiç yorum yok:

Yorum Gönder