19.11.2012

Adsız roman. (6-cı parça)

Əli kişinin söhbətinin təəssüratı altında Camal ərazini dolaşmağa başladı. Amma bayaqdan eşitdikləri ağlından çıxmırdı. Qaranı, onun dəstəsində olan uşaqları düşünürdü. Görəsən doğrudanmı onlar pis əməllərlə məşğul idilər? Bəs bunu necə bacarırdılar? Əgər həqiqətən də belə idisə onda niyə heç kim Qaranı dayandırmırdı?
Bu fikirlər içində Camal "Şeytan yuvası"ndan xeyli aralanmışdı. Yaxınlıqda olan internat məktəbin həyətində xeyli uşaq var idi. Tənəffüs vaxtı olduğundan həyətdə səs-küy idi. O, yaxınlıqda dayanaraq mübahisə edən uşaqlara tərəf baxdıqda, onlardan birini tanıdı. Bu Camalgilin qonşusu Ruslan idi. Onun 19 yaşı vardı. Kənardan kiminsə yaxınlaşdığını görən Ruslan geriyə çevrildikdə Camalı tanıdı. Onlar salamlaşdılar. Ruslan Camalı diqqətlə süzərək burda nə axtardığını soruşdu. Camal isə onu kənara çəkib, başına gələnləri danışdı. Son günlər keçirdiyi gərgin günlərdən sonra Camal başına gələnləri tanıdıqlarına danışmaqla sanki hər kəsdən bir kömək gözləyirdi. Yox. O maddi kömək gözləmirdi. Ona lazım olan mənəvi dəstək, işinə yarayacaq faydalı məsləhət idi. Bir də Camal özünü dolandırmaq üçün iş tapmağa ümid edirdi tanıdıqları vasitəsilə. Elə gözlədiyi də oldu. Ruslan Camala yaxşı bir iş tapa biləcəyini söylədikdə, o, sevincindən hətta nə iş olduğunu belə soruşmadan razılıq verdi. Onlar məktəbin həyətindən birgə ayrıldılar. Yolda Camal iş barədə Ruslana sual verdikdə: - Gedərik, orda hər şeyi bilərsən - deyə Ruslan cavab verdi. Birazdan onlar metronun 28 may stansiyasının çıxışında idilər. Dəmir yol vağzalının arxasına keçən uşaqlar köhnə və təmir üçün dayanmış vaqonlardan birinə mindilər. Camal səssizcə Ruslanı təqib edirdi. Vaqon yararsız vəziyyətdə görünsə də içərisində bir neçə kupedə sanki insanlar yaşayırdı. Kupelərdən birinin qapısını döyən Ruslan cavabı eşidib qapını araladı. İçəri keçdilər. Kupedə 2 nəfər vardı. Camal heyrət içində donub qaldı. Onlardan biri Qara idi. Digəri isə orta yaşlı bir kişi. Qara da Camal dərhal tanıdı:
   -  Ooooo, kimi görürəm.?. Mən demişdim axı Əliyə. Amma bu heç bir gün də davam gətirmədi Əlinin yanında..
Qara diqqətlə Camal süzən digər kişiyə səhərki əhvalatı danışdı. Onlar qəhqəhəylə güldülər. Camal isə heçnə anlamasa da Ruslanın da Qara üçün çalışdığını anlamışdı. Birtəhər özünü topladı. Geriyə çevrilib kupedən çıxmaq istədikdə Ruslan onun yolunu kəsdi: - Burdan özbaşına çıxa bilmərsən.
  - Buraxın məni. Mən sizin kimi olmaq istəmirəm.
  - Özünü naza qoyma. Sənin kimiləri çox görmüşük. Sonra yalvaracaqsan ki məni də qəbul edin. Onda gec ola bilər. Bir də ki, burda ancaq mən dediyim olur. İstəmirsənsə polisə xəbər verim gəlib aparıb ailənə təhvil versinlər? - deyə Qara Camalın çiynindən sıxaraq aşağı oturtdu. Eşitdiyi son sözlərdən sonra Camalın əlacı hər yer kəsildiyindən Qaranın yanında əyləşdi. Bir anlıq Qaranın onu polisə təhvil verdiyini, kəndə qaytarıldığını və yenə də məktəbdəki uşaqların başıxları gəldi gözünün önünə. Başqa çarəsi yox idi. Birdən ağlına Əli kişinin qismət, tale ilə bağlı dediklri gəldi. Bəlkə Əli kişi düz deyirdi, bu da onun qisməti idi? Belə olmasaydı bu boyda şəhərdə Ruslana rast gələrdimi? Ruslanın Qaranın adamı olması da təsadüf idimi? Yox belə ola bilməzdi. Bu tanrının ona yazdığı qismət idi. Camal artıq bunu anlayırdı. Deməli qismətdən qaçmaq olmazdı. Taleyi ilə barışmaq qərarına gəldi Camal. Qaraya tərəf dönərək: - Nə etməliyəm? - dedi. Eşitdiyi sualdan Qaranın gözləri güldü.
  - Bax belə. Ağıllı oğlan olduğunu hiss etmişdim. Hələlik heçnə etməyəcəksən. Hər gün səhər mənimlə birgə buraya gələrsən. Uşaqların yanında olub öyrənərsən yavaş-yavaş. Bir də ki, Ruslanla tanış olduğuna görə "işi" o sənə öyrədəcək. Bacaracaqsan. Sadəcə sözümdən çıxma, vəsaalam. İndi isə Ruslanla gedin. Qalanını o sənə deyər. Unutm ha, sözündə durmasan polisə təhvil verəcəyəm səni. Birdə ki,qaçmağı ağlına da gətirmə. Hara getsən də hər yerdə mənə rast gələcəksən. Ruslan Camala işarə ilə çıxmaq lazım olduğunu bildirdi. Onlar vaqonu birgə tərk etdilər. Camal heç nə danışmadan Ruslanın yanınca addımlayırdı. O xəyallara dalmışdı. Əli kişiyə nə cavab verəcəyini düşünürdü. Utanırdı onunla qarşılaşmaqdan. Amma başqa çarəsi də yox idi. Çünki tək ümid yeri "Şeytan yuvası" idi.

Hiç yorum yok:

Yorum Gönder