14.11.2012

Adsız roman. (5-ci parça)

Əsəb dispanserində isə məni nəinki anlamağa çalışdılar, hətta "bu zır dəlidir" deyib hər gün ağlımı daha da başdan alan iynələr vururdular. Sonda isə dözə bilməyərək, qaçdım. İndi o gündən burda məskunlaşmışam. Ehhh. Kaş belə olmayaydı. Amma bu da taleyin yazısıdır. Qismətinə etiraz etmək, yaradana üsyandır, bala. Sənin də qismətin yəqin ki, belə yazılıb.
    Əli kişi söhbətini başa vurduqda, Camal xəyallarda idi. O, anasını, kəndlərini və birdə başına bundan sonra nələr gələcəyini düşünürdü. Camalı xəyallardan kobud bir səs ayırdı: -  "Bu da, təzə peyda oldu?". 35 -40 yaşlarında bir kişi idi. Əli kişi ona tərs-tərs baxaraq: - "Bu sənin tanıdıqlarından deyil, ona toxunma" - deyə cavab verdi. Camal söhbətin gedişindən, gələn adamın heç də yaxşı adam olmadığını anlayırdı. Həmin adam Əli kişinin yan tərəfində olan köşkə yönəldi və bir neçə dəqiqə sonra əlində qaşıq, şpris və bükülü selofanla geri qayıtdı. Əli kişinin yan tərəfində əyləşərək, selofanda olan ağ rəngli tozu qaşığa tökdü. Üzərinə şprisdə olan suyu sıxdı və alışqanla qaşığın altında "ocaq" çatdı. Heç 10 saniyə də keçməmiş, qaşıqdakı su qaynamağa başladı. Camal isə təəccüb dolu baxışlarla o adamın qaynayan qaşıqdakı suyu şprislə çəkərək damarına yeritməsinə tamaşa etdi. Camalın diqqətini Əli kişi dağıtdı: - "Bala, Camal, bunlardan sən çox görəcəksən burda. Çalış uzaq olasan. Yoxsa həyatın məhv olar, bala. Bunlar dünyanın ən bədbəxt adamlarıdır. Mən bunlara baxanda özümü xoşbəxt hesab edirəm". Gördüklərinin və Əli kişinin dediklərindən təsirlənən Camalın rəngi ağarmışdı. Amma maraq da öz işini görürdü. Əli kişinin dediklərinə hörmətsizlik etməsin deyə maraq hissini dağıtmağa çalışdı. Yerindən qalxaraq çantasını Əli kişinin "köşk"ünə yerləşdirdi. 
  - Hə gəl otur görək - deyə Camala tərəf boylandı o adam. Camal bu dəfə onunla Əli kişinin aralarında olan daşın üstündə əyləşdi. - "Ayın neçəsidir? - deyə o adam səsləndi.
   - 2 oktyabr 1993-cü il. Bədbəxt uşağı yenə başladı. Hər dəfə zəhrimardan sonra tarixi bir-birinə qarışdırır - deyə deyinməyə başladı Əli kişi. 
   - Niyə hirslənirsən, ay Əli. Hərənin bir dərdi var da. Bizim isə bir neçə dərdimiz var. Guya ki, sən bilmirsən mən niyə bu vəziyyətdəyəm. Barı o uşağa da danış qoy bilsin ki, biz kefimizdən belə etmirik. Dərdimizdən edirik.
   - Yaxşı görək, ay Məmməd. Guya ki, sənin dərdin olmasaydı bu zəhrimardan uzaq olacaqdın? Elə bil ki, inandım. Sən bu Camalın beləliyinə baxma. Ağıllı uşaqdır. Sənin uydurma bəhanələrinə o da inanmaz. Boşuna özünü günahsız göstərməyə çalışma. 
   - Ay Əli. Niyə elə deyirsən axı? Əgər bu "haramzadalar" mənim başıma bu oyunu açmasaydılar, mən nə bilirdim ki, "ağ" nədir. İndi də axır nəfəsləriir deyəsən. Can verirlər e, xəbərin var? Əclaflar malımı-mülkümü dağıtdılar. Sonra da bu zəhrimara öyrətdilər. Vəssalam. Bu da elə bir zibildir ki, başladınsa, düşmənə də dost kimi baxırsan. Təki sənə mal verə. İndi də günün yarıdan çoxunu heyvan kimi, az bir hissəsini də "adam" kimi yaşayırıq. Nə edək? Bu da bizim qismətimizdir də.
   - Yox. mən buna daha qismət demərəm. Sən istəsəydin özünü toplayardın ay Məmməd. Ehh, nə isə. Amma bax sənə and verirəm əzizlərinin canına, bu uşaqdan uzaq tut o zibili.
   - Yaxşı, ay Əli, deyinmə görək. Camalı qoruyarıq. Onsuzda bu zibili özümə güclə tapıram.
Əli kişi ilə Məmməd arasında olan söhbətdən Camal artıq o "ağ"ın nə olduğunu anlamışdı. "Faydası"nı və zərərini də anlamışdı Camal. Əvvəldən də narkotiklər haqqında az-çox məlumatı vardı. Nə də olsa "şəhər uşağı" olmuşdu. Camal yenə də xəyallara getdi. Əli kişi isə aramla Camalın başına gələnləri Məmmədə danışırdı. "Mal"ın təsirindən onsuzda başı dumanlanan Məmməd Camalın başına gələnlərdən lap dumanlanmışdı. Yavaş-yavaş "Şeytan yuvası" "işdən" gələnlərlə dolmağa başladı. Azyaşlılardan yaşlı insanlaradək hər kəs vardı gələnlərin içində. Camal xəyallardan ayılaraq ətrafa tamaşa edirdi. Gələnlərdən bəziləri saymazyana onların yanından keçib öz "yuva"larına gedir, bəziləri isə Camala maraqla tamaşa edərək, Əli kişini Camal barədə sual atəşinə tuturdular. Bayaqdan "öz dünyası"nda olan Məmməd ayılırdı. O, Camala ətrafda görünən insanlar barədə danışırdı. Burada yaşayacağı üçün tanımalıydı Camal hamını. Hər kəslə "öz dili"ndə danışmağın vacibliyini anladırdı Məmməd. Camal isə onu diqqətlə dinləyir, onsuzda güclü olan hafizəsində saxlamağa çalışırdı hər kəsi. Beləcə Camalın "Şeytan yuvası"nda ilk günü başa çatırdı.
    Səhər Əli kişinin səsinə oyandı Camal. Yaxınlıqdakı ağaca mismarlanmış yağ qabından axan su ilə əl-üzünü yuyan Camal, Əli kişinin ona uzatdığı bir parça çörəklə bir stəkan çayı alıb, daşın üstünə əyləşdi. Hamı "işə" gedirdi deyəsən. Bağın ən axırında olan çadırdan çıxan cavan oğlan Camalın yanında dayanaraq onu diqqətlə süzdü. Onun baxışlarından heç də xoşlanmayan Əli kişi Camalı özünə döğru sıxaraq, boynunu qucaqladı.
   - Qardaşımın oğludur, Qara. Evdən küsüb, yanıma gəlib.
   - Yaxşı görək, ay Əli kişi. Bu neçənci qardaşoğlundur? Onsuzda hər yeni gələnə belə deyirsən. Amma axırda onlar da səni tək qoyub mənim yanıma gəlirlər. Bu da gələcək. Qoy hələ aclığın nə olduğunu anlasın, baxarıq. Yadında saxla ki, axan suların qabağını kəsə bilərsən. Amma o yenə də yol tapıb, axacaq. Salamat qalın. Qoy görək bu neçə gün dayanacaq sənin yanında. 
Əli kişinin "Qara" deyə çağırdığı oğlan sözlərini bitirib gülə-gülə oradan uzaqlaşdı. Söhbətdən onun doğru-düzgün biri olmadığını Camal anlamışdı. Qara uzaqlaşan kimi, Camal Əli kişiyə tərəf boylandı:
   -  Bu Qara kmdir ki, Əli əmi? 
   - Bala bu Qaranı sən tanımasan daha yaxşıdır. Amma məcburam danışam ki, onun nə adam olduğunu biləsən və heç olmasa özünü ondan qoruya biləsən. Bunun əsl adını heç kim bilmir. Ləqəbi  Qaradır. Oğurluq, əyrilik, dələduzluq və daha nə işlərdən çıxmır bu Qara. Buraya gələn və ya küçələrdə topladığı uşaqları da cəlb edir öz çirkin əməllərinə. Deyirlər ki, guya bunun "paqon"larla da işbirliyi var. Elə olmasaydı bunu indiyə kimi tutub aparadılar da. Cavan uşaqların neçəsini "srok"a yollayıb bu Qara. Hamısını da aldadır ki, "içəri"də sizin hörmətiniz, ad-sanınız olacaq. Ay bala, ağıllı adam da onun toruna düşər? Mən o yazıqları da qınaya bilmirəm e, bala. Bu qaranın şirin vədləri, yaxşı yaşamaq eşqi, pullu olmaq həvəsi aldadır o gəncləri. Buranın əsl şeytanıdır o Qara. Allah ondan qorusun səni. Amma narahat olma. Nə qədər ki, mən sağam səni aldada bilməz. Ehh, nə bilim e. Görəsən axırımız nə olacaq. Vallah bu dəqiqə qayıdaram davaya. Amma qorxuram ki, burdan çıxan kimi tanıyalar və tutub təzədən salalar o dəlixanaya. Dərdli adama dəli deyib canlarını qurtarırlar bunlar. Heç kim demir ki, bunun axırı nə olacaq. Bu aralar da deyirlər ki, guya hökümət dəyişir. Nə bilim, görək də. Amma onu bilirəm ki, hökümət dəyişməklə bu işlər düzəlməz. İnsanların şüuru və əxlaqı dəyişməlidir. Bu düşüncəylə biz hələ çox hökümət dəyişəcəyik deyəsən. Olan da sənin kimi uşaqlara olacaq.

Hiç yorum yok:

Yorum Gönder