19.10.2012

Adsız roman. (3-cü parça)

Bircə anda işıq yox oldu. Ağsaçlı, nurani bir yaşlı əlini Camala tərəf uzatdı. Camal qorxudan və çarəsizlidən dərhal qocaya əl uzatdı. Camal və nurani qoca yenə o işığın parlamasıyla birlikdə yox oldular.
  - "Oğlumu mənə qaytarın! Camaaaaal"
   Aybəniz xanım öz qışqırığına yuxudan dik atıldı. Ətrafdakılar onun qəfildən qışqıraraq ayılmasından hiss etdilər ki, nəsə pis yuxu görürmüş. Yerindən qalxan Aybəniz xanım, niyə yuxuya getdiyinin səbəbini öyrəndikdə yaxınlarına acıqlandı və cəld qapıya tərəf yönəldi. O, oğlunun başında pis bir hadisənin olduğundan və ya olacağından əmin idi.

     Vaqondakı ayaqyolunda gizlənmiş Camal, son anda yaşlı kişi səsiylə öskürərək təhlükədən uzaqlaşmasına hələ də inana bilmirdi. Axı o bunu necə etmişdi. Yadına düşdü ki, bəzən məktəbdə psixologiya dərsi keçən Əli müəllimi yamsılayardılar uşaqlarla. Səhər dərsə gələrkən Əli müəllim kimi qapını sakitcə açar və  gəlişlərini öskürəklə bildirərdilər bir birlərinə. Bu onların sinfində adətə çevrilmişdi. Camal koridorda yaranmış sakitlikdən anladı ki, yoxlamalar artıq başqa vaqonlarda aparılır. O yavaşca qapını açdı və koridorla qatarın ilk vaqonuna tərəf getməyə başladı. Birazdan səyyar satıcı yenə də "öz ticarəti" ilə məşğul idi...
    Qatar Bakıya çatanda səhər saat 5 idi. Camal gecəni yata bilməmişdi. Yuxusuzluqdan ayaq üstə zorla dururdu. Bakıda hava sərin və küləkli idi. O daldalanmağa yer axtarırdı. Lakin səhərin alatoranlığında vağzalda yer tapmaq o qədər də asan deyildi. Vağzalda əlisilahlı adamlar gözə dəyirdi. Bəzi qatarlara isə ancaq əsgərlər minirdi. Deyəsən cəbhəyə gedirdilər. Camal platformaların arası ilə addımlayaraq ətrafa tamaşa edirdi. onsuzda gedəcək yeri də yox idi. Bir tərəfdən də yuxusuzluq onu əldən salmışdı. Daha əvvəllər Bakıda yaşadığından, vağzalı yaxşı tanıyırdı. Bakıda yaşadıqları zaman hərdən məhəllə uşaqları ilə vağzala gələr, buradakı qaynar həyata tamaşa edər, axırda da platformanın kənarındakı köşkdən "Plombir" dondurması alaraq evə qayıdardılar. Camal köhnə məhəllə uşaqlarını görmək ümidi ilə əvvələr yaşadıqları küçəyə baş çəkmək istədi. Bu saatda heç kimi görə bilməyəcəyini bilsə də, daldalanacaq bir yer tapa bilmək ümidi ilə vağzaldan ayrıldı. Küçədə avtobuslar gözə dəymirdi. Metronun açılmasına isə hələ vardı. Camal metro stansiyasının girişində gözləmək qərarına gəldi. Pilləkənlərlə aşağı enərək bir küncdə çöməlib oturdu. O, kürəyini divara söykəyərək, fikrə dalmışdı. Dünəndən yaşadığı gərginlik və yuxusuzluğun təsirindən Camalı dərhal yuxu apardı. 
    Metroya minməyə tələsən insanlar sürətlə pilləkənləri aşağı enir, gedəcəkləri yerə yubanmamağa tələsirdilər. Stansiyanın hər zamankı ahəngində bir dəyişiklik vardı - qapının girişindəki divara söykənərək yatan oğlan. Bakıda insanlar divar künclərində oturub dilənən uşaqları görməyə alışmışdılar o zamanlar. Camalı da hər kəs bu uşaqlardan biri zənn edirdi. Gəlib keçənlərdən bəziləri Camalın qarşısına 5-10 qəpik pul da atırdılar. O məsum qəlbli, günahsız uşaq isə heç nədən xəbərsiz yatırdı. Camalı qəfildən hiss etdiyi ağrı yuxudan oyatdı. Kimsə təpiklə ona vuraraq qışqırırdı. Gözlərini açdıqda qarşısında 30-35 yaşlarında polis nəfərini görən Camal dərhal ayağa qalxdı. Polis: - "Qəpik-quruşunu da yığışdır, rədd ol burdan, küçük" - deyərək Camala bağırdı. Camal yalnız indi qarşısında toplanmış xırda pulları gördü. Nə baş verdiyini daha anlaya bilməyən Camal polisin ona bir daha acıqlanmasına imkan verməmək üçün çantasını da alıb yuxarı qaçmağa başladı. "Ay bala, pulların qaldı" - deyə polis arxadan onu səslədi. Camal isə digər girişdən metroya minmək üçün arxasına da baxmadan oradan uzaqlaşdı. Stansiyanın digər girişi çox da uzaqda deyildi. Stansiyaya daxil olaraq Camal metro jetonu aldı və qatara minmək üçün eskalatorla platformaya düşdü. Növbəti qatar nədənsə gecikirdi. Artıq 9 dəqiqə idi ki, qatarı gözləyirdi. Nəhayət qatar yaxınlaşdı. Camal vaqona minən kimi özünə yer axtardı. Lakin bütün yerlər dolu idi. Məcburi olaraq o, ayaq üstə getməli id. Əslində bir uşaq üçün bu o qədər də çətin deyildi. Lakin Camalın yuxusuzluğu ona əzab verirdi artıq. O, ayaq üstə güclə dayanmışdı. Sanki ətrafdakılar da bunu hiss edirdilər. Ən azından Camala belə gəlirdi. 20 dəqiqə sonra qatar Camalın düşəcəyi stansiyaya çatdı. Camal cəld vaqonda çıxaraq eskalatora tərəf yönəldi.
     Məhəllədə 1-2 nəfər işə tələsən insandan başqa heç kim yox idi hələ ki. Camal burada yaşadığı dövrdə ən yaxın dostu olan Muradı görməyə tələsirdi. Muradgilin mənzili elə qarşısında dayandığ binada idi. Lakin o, Muradgilin mənzilinə getmək fikrində deyildi. Muradın valideynlərinin onu görməsini istəmirdi. Çünki anasının Bakıya da zəng edə biləcəyini və əgər Muradın ailəsi onun evdən qaçmağından xəbərdar idilərsə, onu saxlaya biləcəklərini yaxşı bilirdi. Muradı məktəbə gedərkən yolda görmək qərarına gəlmişdi Camal. Planına uyğun olaraq Muradı yaxınlıqdakı ağacın altında dayanaraq gözləməyə başladı. Bir müddət keçmişdi ki, binanın qapısından Muradın çıxdığını gördü. Camal sevincindən sanki uçacaqdı. Murad onun ən çox sevdiyi dostu idi.     
Onlar həm qonşu, həm sinif yoldaşı və həm də dost idilər. Camal rayonda olduğu müddətdə də Muradla əlaqəni kəsməmişdi. Anasının icazəsi ilə Bakıya Muradgilə zəng edirək danışırdı hərdən. Murad da Camalı çox istəyirdi. qəfildən qarşısında Camal görən Murad sanki şokda idi. Sevincindən atılıb Camala sarıldı. Camal isə ağlayırdı. Həm başına gələnlərdən, həm xeyli müddətdir ayrı qaldığı dostuna qovuşmağın təsirindən o, göz yaşlarını saxlaya bilmirdi. Murad isə onu sakitləşdirirdi. Dostlar beləcə bir neçə dəqiqə "salamlaşdıqdan" sonra bir kənara çəkilərək hər zaman oturub dərdləşdikləri skamyada əyləşdilər. Camal bütün olanları Murada danışdı. Murad danımağa söz tapa bilmirdi. Amma qəlbində onun halına çox acıyırdı. Camala yazığı gəlirdi Muradın. Lakin o bunu dostuna bildirməzdi heç vaxt. Özünü elə göstərməyə çalışırdı ən azından. 
    - İndi planın nədir? - deyə Murad dilləndi. 
  - Bilmirəm. Rayona bir daha qayıtmayacağam. Anam üçün yaman darıxıram. Amma bacarmadım mən anama yaxşı övlad olmağı. 
    - Elə demə, Camal. Sən ən yaxşı övladsan. Ən yaxşı dostsan. 
    - Nə yaxşı ki, sən varsan, Murad. Yoxsa mən bütün bu olanları kimə danışardım, kiminlə dərdləşərdim.
    - Narahat olma, əzizim. Mən həmişə sənə dostam və bu belə də qalacaq. Amma anan indi yaman nigarandır səndən. Bəlkə bizə gedək və rayona zəng edək?
    -Yox, nə danışırsan. Bütün polislər məni axtarır indi. Mən evə qayıtmaq fikrində deyiləm. Uzaqlara getmək istəyirəm. Çox uzaqlara. Elə yerə ki orda məni heç kim tanımasın. Atamın olmadığını heç kim bilməsin orda.
   - Camal niyə bu qədər əzab çəkirsən, dostum? Nə var ki bunda. Yadındadır, sinfimizdəki Ruslanın atası rəhmətə getmişdi.? O 10-15 gün evdə qalandan sonra dərsə gəlirdi və dərslərindəki geriləməni də qısa müddətdə aradan qaldırdı. Sən niyə belə edirsən. mənim ağıllı dostum?
  - Bilirsən, Murad, atanı itirmək başqa, onun səni atıb getməsi tam başqadır. Sənin atan yanında Allaha şükür. Ona görə də sən məni anlaya bilməzsən. Mən heç cür  qəbul edə bilmirəm bunu, dostum..
Bunları deyərək Camal yenə də göz yaşlarına boğuldu. Murad dostunu sakitləşdirməyə çalışırdı. O, öz ürəyində Camalın atasını məzəmmət edirdi. Axı niyə belə olmalıdır? Niyə insan özünü xoşbəxt hesab etdiyi dövrdə acılar yaşamalıdır? Bu fikirlər içində Murad Camalı skamyadan qaldırdı...

Hiç yorum yok:

Yorum Gönder