16.07.2009

Borclu borclunun sağlığını istər.


Hər kəsə yaxşı məlumdur ki, Azərbaycanda demokratiya var və durmadan yüksələn xətt üzrə inkişaf edir. Buna son illərdə keçirilən seçkilər və bu seçkilərə dünya ictimaiyyətinin verdiyi rəylər də sübutdur. Bundan əlavə demokratiyanın beşiyi olan ölkələrdə belə, Azərbaycanda olduğu qədər siyasi partiya, qurum və qeyri-hökumət təşkilatı yoxdur. Əgər QHT-lərin sayı və radikal müxalifətçilik bacarığı üzrə hansısa bir yarış keçirilsəydi, şübhəsiz ki, Azərbaycan ilk yerlərdən birini tutardı. Qeyri-rəsmi məlumatlara görə ölkəmizdə bu gün 2000-dən artıq qeyri-hökumət təşkilatı (QHT) var. 
Məni və bəlkə də yüzlərlə insanı düşündürən bir məsələ var. Axı görəsən bu qədər QHT-yə kimin ehtiyacı var və niyə məhz QHT-lərin əksəriyyəti qaraya ağ deməyə vərdiş ediblər?
Məhz bu suallara qismən də olsa cavab tapmaq üçün Naxçıvan MR-də “fəaliyyət göstərən” QHT-lər barədə məlumat əldə etmək və onların fəaliyyətini araşdırmaq qərarına gəldim. Buna nə dərəcədə nail olduğumu deyə bilmərəm, amma əldə etdiyim nəticələri sizlərə də təqdim etmək istəyirəm.
İlk olaraq, 25.12.1993-cü ildə Ələkbər Zeyniyev tərəfindən yaradılmış “Demokratik Fəaliyyət Cəmiyyəti ”  barədə məlumat vermək istərdim. Cəmiyyətin sədr müavini Həsən Məmmədovdur. Bu təşkilat 2003-cü ildə “Seçicilərin Məlumat Kitabçası ” və “Seçkilərdə müşahidəçilik ” məqsədilə ABŞ-ın Azərbaycandakı səfirliyindən 9659 ABŞ dolları qrant almışdır. Əlavə şərhə ehtiyac yoxdur.
22.07.2002-ci ildə “Demokratik Fəaliyyət Cəmiyyəti ”ndə kifayət qədər təcrübə toplamış Həsən Məmmədov tərəfindən “Naxçıvan MR-də arıçılığın inkişafı, işsizlik və yoxsulluğun aradan qaldırılmasına kömək ” məqsədilə “Arıçılıq və ətraf mühiti qoruma birliyi” yaradılmışdır. Həsən Məmmədov da öz növbəsində borclu qalmayaraq, Ələkbər Zeyniyevi özünə müavin təyin etmişdir. Məlumatlara görə 12 nəfər üzvü olan bu təşkilat 05.11.2002-ci ildə “Naxçıvan şəhəri, Xətai məhəlləsində ətraf mühitin sağlamlaşdırılması tədbirləri”ni həyata keçimək məqsədilə ABŞ səfirliyindən 3355 ABŞ dolları qrant almışdır. Alınan qrantın hansı təyinat üzrə xərcləndiyini dəqiq deyə bilmədiyimdən, heç bir şərh vermək istəmirəm.
02.03.2004-cü ildə Həsən Əliyev tərəfindən Kəngərli rayonunda “İşsizlərin Sosial Müdafiə Fondu ” yaradılmışdır. Məlumatlara görə hələlik bu fond qrant almağa müvəffəq olmamışdır. Görəsən bu fond işsizlərə hansı formada yardım göstərir və əgər göstərə bilirsə, hansı yolla maliyyələşir?
2001-ci ildə Nurəddin Bayramov tərəfindən “Naxçıvan MR Müəllim Hüquqları Müdafiə Cəmiyyəti ” yaradılmışdır. Məlumatlara görə bu cəmiyyətin 200 nəfərə yaxın üzvü var. Maraqlı burasıdır ki, görəsən Naxçıvanda hansı müəllimin hüququ pozulub ki, bu qədər adam da özünə əziyyət verib cəmiyyət yaradıb?
28.06.2002-ci ildə Şahbuz rayonunun Keçili kəndində Məmmədqulu Əliyev tərəfindən “Naxçıvan MR-də kasıblıqla mübarizə işlərində köməklik ” məqsədilə “Naxçıvan Xeyriyyə Cəmiyyəti ”  yaradılmışdır.  Yaxşı olardı ki, adı yaxşı olan bu cəmiyyət öz gördüyü işlər barədə vaxtaşırı əhalini də məlumatlandıraydı.
Sən demə “Naxçıvanda Amerikanın dostları” da var imiş.  2002-ci ildə “Naxçıvanda ABŞ demokratiyasının təminatı” məqsədilə bu təşkilat İsa İsayev tərəfindən yaradılıb. Məlumatlara görə Naxçıvanda Amerikanın cəmi “26 dostu” var.
13.07.2003-cü ildə “Tələbələrin problemlərini öyrənmək, onların hüquqlarının qorunmasında köməklik etmək ” məqsədilə Məhəmməd Rzayev tərəfindən “Tələbə Hüquqları Müdafiə Mərkəzi ” də yaradılıb. Deyirəm cəmiyyət yaradanda da gərək elə ad qoyasan ki, maraqlı olsun. Kənardan adama gəl-gəl desin. Yoxsa kimdir sənə qrant verən? Amma deyəsən bu mərkəzin adı ABŞ səfirliyinin xoşuna gəlməyib axı ?!
İndi isə oxuculardan bir az diqqətli olmalarını xahiş edəcəyəm. Yuxarıda sadaladığım QHT-lər son iki QHT-yə daha çox diqqət ayırdığıma görə qoy məndən inciməsinlər. Necə deyərlər, onlar bunların yanında “toya getməlidirlər”.
Bunlardan biri İlqar Nəsibov tərəfindən 10.07.2002-ci ildə “Demokratik Cəmiyyət Quruculuğu” məqsədilə yaradılmış “Gənc Milli Demokratlar Birliyi ”, digəri isə onun həyat yoldaşı, “Turan” informasiya agentliyinin və “Azadlıq” radiosunun Naxçıvandakı müxbir postlarını tutmuş Məlahət Nəsibovanın 03.12.2002-ci ildə “ərindən qalma dala” prinsipinə əsaslanaraq, “QHT-nin fəaliyyətinə dəstək və demokratiyanın inkişaf etdirilməsi ” məqsədilə yaratdığı “Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzi ”-dir.  Qısa adı “Naxçıvan Resurs Mərkəzi”dir.
“Gənc Milli Demokratlar Birliyi ”-nin 359, “Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzi ”-nin isə 332 üzvü var. Hər iki QHT-nin hüquqşünası da var və “təsadüf”dən həmin hüquqşünas eyni adamdır. Hər iki QHT-yə ilk üzv olan da elə özləridir. Yəni İ. Nəsibov M. Nəsibovanın, M. Nəsibova isə İ. Nəsibovun yaratdığı QHT-nin ilk üzvü və yardımçısıdır. Üzvlərin siyahısı məndə olmadığından dəqiq deyə bilmirəm, amma belə görünür ki, deyəsən elə hər iki cəmiyyətin də üzvləri eyni adamlardır. “Təsadüf”ə bax ki, hər iki təşkilatın adı və “layihələri” ABŞ səfirliyinin çox xoşuna gəlib. Elə bu məqsədlə də “Naxçıvan MR-də gənclər arasında seçki qanunvericiliyinin izahı üzrə maarifləndirmə ” işlərini həyata keçirmək məqsədilə İlqar Nəsiboba 7170 ABŞ dolları, “CYKX-in profilaktikasına dair maarifləndirmə ” işlərinə dəstək məqsədilə “gec gəlib, tez öyrənən” Məlahət Nəsibovaya 19846 ABŞ dolları qrant ayırmışdır. Yeri gəlmişkən “CYKX-in profilaktikası”nın nə olduğunu çox araşdırsam da, nəticə əldə edə bilmədim və belə qərara gəldim ki, yəqin layihənin adı nə qədər qəliz olarsa, bir o qədər də çox pul ayırarlar. Bu məlumatları əldə edəndən sonra “yazıq”ları daha qınamağım da gəlmir. Yəqin sizə də aydındır ki, niyə məhz bir çox QHT-lər yalnız uydurma xəbərlər yaymaqla, böhtanla, guya onların hüquqlarının pozulmasını aləmə car çəkməklə məşğuldur. Və bir də şəxsən mənə aydın oldu ki, nəyə görə bəzi QHT-lər daim diqqət mərkəzindədir. Axı adamlar borc alıblar, borcu da qaytarmalıdırlar. Amma bu borcun digərlərindən bir fərqi var. Fərq isə budur ki, pul borc alırsan, borcunu “informasiya” ilə qaytarırsan. “İnformasiya”n da ki, gərək “borcverən”in xoşuna gəlsin, yoxsa bir neçə gün də “aclıq” etməli olarsan. Əgər bu da “borcverən”i qane etməsə, gərək evdə ər-arvad dava edib, sonra da dağılmış baş-gözünüzün şəklini çəkərək göndərəsiniz “dünya ictimaiyyəti”nə. Bəlkə bundan sonra borcunuzdan bir az silələr. Belə yerdə gərək yaxşı bir riyaziyyatçı olasan ki, bu borcun nə vaxt bitəcəyini hesablaya biləsən.  Bu gedişlə yaxın zamanlarda bəzi ailələrdə hər ailə üzvünün adına bir QHT qeydiyyatdan keçsə, təəccüblənməyin. Sonra da bu ailə QHT-ləri bir bloka daxil olaraq, seçkilərə vahid namizədlə getmək barədə qərar qəbul edəcəklər. Bununla da onlar nə qədər “demokratik ailə” olduqlarını dünyaya bəyan edəcəklər.  Amma yox! Artıq “borcverən”lər də ayılıb. İndi ele-belə qrant ayırmırlar. Gərək “borc qaytarmaq”da təcrübən ola, əvvəllər aldığın borcu qaytarmış olasan və ən nəhayət gərək bu sahədə də kifayət qədər tanınmış olasan. Lap bəzi ailələr kimi.
Əslində Naxçıvanda və ya “Naxçıvanla bağlı” qeydiyyatdan keçmiş QHT-lərin siyahısını uzatmaq olardı, amma məqsədim QHT-ləri tanıtmaq yox, “qrant alma” mexanizmini araşdırmaq olduğundan buna lüzum görmədim.
Deyirəm birdən yuxarıda adlarını sadaladığım şəxslər mənim bu məlumatları haradan aldığımı bilmək istəyərlər və bu məqsədlə də məni məhkəməyə vermək fikrinə düşərlər. Buna görə də onlara demək istəyirəm ki, özlərinə və məhkəmələrimizə əziyyət verməsinlər. Bu məlumatları onların üzv olduqları “Milli QHT  Forumu”ndan və bəzi “demokratik” ölkələrin səfirliklərindən əldə etmişəm. Amma təəssüflər olsun ki, qeyd etdiyim kimi – artıq “borcverən”lər də ayılıb. Son bir neçə ildə “qrant alveri” ilə bağlı informasiyaların sızması halları aradan qaldırılıb. Buna görə də son zamanlar kimlərin kimdən nə qədər aldıqları ilə bağlı məlumat əldə etməkdə çətinlik çəkdim.
Bütün bunlar məncə hamıya gün kimi aydındır. Amma məni hər zaman düşündürən bir məsələ var. Görəsən, bu qrantların müqabilində bəzi QHT-lər hələ nə qədər düşmən dəyirmanına su tökməlidirlər ki, himayədarlarının yanında “üzüqara” qalmasınlar ?!